Bakıda Kolumbiyanın “Tamo” sənətinə həsr olunmuş ustad dərsi keçirilib

05 Oktyabr 2026 87 baxış
Bakıda Kolumbiyanın “Tamo” sənətinə həsr olunmuş ustad dərsi keçirilib
Bakıda Kolumbiyanın “Tamo” sənətinə həsr olunmuş ustad dərsi keçirilib
Bakıda Kolumbiyanın zəngin mədəni irsini tanıtmaq məqsədilə “Tamo” sənətinə həsr olunmuş xüsusi ustad dərsi keçirilib. Tədbir Kolumbiyanın Azərbaycandakı Səfirliyi və rəssam İsham Baxşəliyevin birgə təşkilatçılığı ilə, səfirliyin mədəni diplomatiya layihəsi çərçivəsində baş tutub.
Ustad dərsində Kolumbiyanın Azərbaycandakı səfiri xanım Nelsy Raquel Munar Jaramillo da iştirak edib. Tədbirə qatılanlar arasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nərmin və dizayner-memar Əli Hümbətov da yer alıblar.
Tədbir zamanı iştirakçılara Kolumbiyanın cənubundakı Pasto (Nariño) regionuna məxsus “Tamo” sənəti haqqında ətraflı məlumat verilib. Tamo sənəti qurudulmuş buğda və arpa saplaqlarının incə təbəqələr halında hazırlanaraq taxta səthlərə əl işçiliyi ilə tətbiq olunması nəticəsində yaranan özünəməxsus tətbiqi sənət növüdür. Bu sənət incə işləmə texnikası, təbii materiallardan istifadə və dekorativ estetikası ilə seçilir.
Ustad dərsini Kolumbiyalı məşhur sənətkar Luis Daniel Dela Cruz Criollo — “Artesanías Daniel Dela Cruz” təqdim edib. O, iştirakçılarla Tamo sənətinin hazırlanma mərhələləri, material seçimi, ənənəvi üsulları və bu sənətin Kolumbiya mədəniyyətindəki əhəmiyyəti barədə məlumatlarını bölüşüb.
Ustad dərsi çərçivəsində Azərbaycanlı rəssam və dizaynerlər Tamo sənətinin sirlərini praktiki şəkildə öyrənmək və bu qədim texnikanın incəlikləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tədbir həmçinin ənənəvi sənət üsullarının müasir incəsənət və dizaynla qarşılıqlı əlaqəsi baxımından maraqlı yaradıcılıq mühiti yaradıb.
Görüş Azərbaycan və Kolumbiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, yaradıcı təcrübə mübadiləsi və iki ölkənin sənət nümayəndələri arasında yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından əhəmiyyətli olub.
Tədbirin sonunda təşkilatçılara təşəkkür bildirilib və bu cür mədəni təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xəbərlərə qayıt