Dizayner Rəssam Nərmin Hümbətova ilə Müsahibə

11 May 2026 148 baxış
Dizayner Rəssam Nərmin Hümbətova ilə Müsahibə
1.Amerikada keçirdiyiniz rəsm sərgisi necə baş tutdu və bu layihəyə necə dəvət aldınız?

Mən, Nərmin Hümbətova, Amerikanın New York şəhərində Birləşmiş Millətlər Təşkilatı-nın baş qərargahında keçirilən, Novruz Bayramına həsr olunmuş beynəlxalq sərgidə Azərbaycanı təmsil edirdim. Sərgidə 193 ölkədən akreditə olunmuş nümayəndələr iştirak edirdi. Bu layihədə iştirak etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürurverici bir təcrübə oldu.

2.Sərgidə ümumilikdə neçə rəssam iştirak edirdi və siz hansı mövzu ilə çıxış etdiniz?

Sərgidə müxtəlif ölkələrdən bir çox rəssam iştirak edirdi. Mən isə Azərbaycanın milli adət-ənənələrini, xüsusilə Novruz Bayramının ruhunu əks etdirən əsərlərlə çıxış etdim. Əsas mövzum milli dəyərlərimizin və mədəniyyətimizin incəsənət vasitəsilə təqdim olunması idi.

3.Sizin əsərləriniz digər rəssamların işlərindən nə ilə fərqlənirdi?

Mənim əsərlərimdə Azərbaycanın milli ruhu, qədim adət-ənənələri və memarlıq elementləri xüsusi yer tuturdu. Xüsusilə “Papaq atdı” adlı Novruz mövzulu rəsm əsərim tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Eyni zamanda “Qız qalası” əsərim də Azərbaycan mədəniyyətini və tarixini simvolizə etdiyi üçün diqqət çəkdi.

4.Hansı şəhərlərdə oldunuz və bu şəhərlərin sizə yaratdığı ən güclü təəssürat nə idi?

Səfər çərçivəsində New York və Washington şəhərlərində oldum. New York şəhərinin memarlıq ritmi, enerjisi və incəsənət mühiti məni çox təsirləndirdi. Dünyaca məşhur Central Park isə həm memarlıq, həm də landşaft dizaynı baxımından mənim üçün xüsusi təəssürat yaratdı. Bir dizayner və memar olaraq parkın şəhərsalma baxımından necə harmonik qurulduğunu yaxından görmək mənim üçün unudulmaz idi.

5.Sərgi zamanı tamaşaçılardan aldığınız reaksiyalar necə oldu?

Əsərlərim tamaşaçılar və beynəlxalq nümayəndələr tərəfindən böyük maraq və rəğbətlə qarşılandı. Xüsusilə Çilinin Amerikaya akreditə olunmuş nümayəndəsi Franchisko Geozini Azərbaycanın milli adət-ənənələrini çox bəyəndi və “Papaq atdı” əsərimin onlara hədiyyə edilməsini istədi. Bu, mənim üçün çox dəyərli və qürurverici an idi.

6.Sizin üçün ən yadda qalan an və ya hadisə hansı oldu?

Ən yadda qalan məqamlardan biri əsərlərimin Birləşmiş Millətlər Təşkilatı-nin baş qərargahında sərgilənməsi idi. Bundan əlavə, “Qız qalası” əsərimi Azərbaycanın Amerikadakı səfirliyinə hədiyyə etməyim də mənim üçün çox xüsusi anlardan biri oldu. Eyni zamanda, dünyaca məşhur Museum of Modern Art muzeyini ziyarət etmək və Vincent van Goghun “The Starry Night” əsərini yaxından görmək mənim ən böyük arzularımdan biri idi. Həmçinin Salvador Dalínin “The Persistence of Memory” əsərini canlı görmək mənim üçün əvəzolunmaz təcrübə oldu.

7.Amerikada sənət mühiti ilə Azərbaycandakı sənət mühitini necə müqayisə edərdiniz?

Amerikada incəsənətə və yaradıcılığa çox açıq yanaşma hiss olunur. Orada sənət yalnız estetik baxımdan deyil, insanların düşüncəsinə və həyat tərzinə təsir edən bir sahə kimi qəbul edilir. Azərbaycanda isə milli dəyərlər və ənənəvi sənət xətti daha güclü hiss olunur. Məncə, hər iki mühitin özünəməxsus gözəlliyi və üstünlükləri var.

8.Bu sərgi sizin yaradıcılığınıza necə təsir etdi? Gələcək planlarınız dəyişdimi?

Bəli, Amerikada keçirdiyim günlər mənim baxış bucağımı dəyişdi. Orada gördüyüm memarlıq, dizayn və incəsənət nümunələri mənə yeni perspektiv qazandırdı. İnsan duyğularına təsir edən məkanların necə qurulduğunu görmək mənə böyük ilham verdi. Bundan sonra daha beynəlxalq və yaradıcı layihələr üzərində düşünməyə başladım və gələcək planlarımı daha böyük hədəflərlə qurmağa qərar verdim.

9.Əsərlərinizi yaradarkən əsas ilham mənbəyiniz nədir?

Mənim əsas ilham mənbəyim təbiət, memarlıq, incəsənət və insanların duyğularıdır. Xüsusilə dizaynın insan psixologiyasına təsiri və estetik harmoniyası mənə yeni ideyalar yaratmaq üçün motivasiya verir.

10.Gələcəkdə hansı ölkələrdə sərgi keçirmək və hansı layihələrdə iştirak etmək istəyirsiniz?

Gələcəkdə Avropa ölkələrində, xüsusilə İtaliya, Fransa və İspaniya kimi sənət və memarlıq mərkəzlərində sərgilərdə iştirak etmək istəyirəm. Eyni zamanda beynəlxalq dizayn və memarlıq layihələrində iştirak etmək, Azərbaycan mədəniyyətini dünya səviyyəsində tanıtmaq əsas məqsədlərimdən biridir.

11.Neçə tələbəniz iştirak etdi?

Sərgidə mənimlə birlikdə 3 tələbəm də iştirak edirdi və onlar 2 rəsm əsəri ilə çıxış etdilər. Tələbələrimin beynəlxalq səviyyədə uğur qazanması və əsərlərinin maraqla qarşılanması mənim üçün ayrıca fəxr və sevinc hissi idi.
Xəbərlərə qayıt